Çinli bir kişi arıqlamaq üçün getdiyi düşərgədə həyatını itirib.
Oxu.Az "Sohu" nəşrinə istinadən xəbər verir ki, bədbəxt hadisə Şandun əyalətinin Tayan şəhərindəki arıqlama düşərgəsində baş verib. Hou adlı sakin təlimlər, qidalanma və yaşayış yerini əhatə edən 56 günlük proqrama yazılıb.
İştirakçının imzaladığı müqaviləyə əsasən, onlar 56 gün ərzində təxminən 17.5 kq çəki itirməli və ya bədən həcmlərini azaltmalı idilər. Nəticə əldə edilmədiyi təqdirdə iştirakçılara pulsuz təkrar kurs təklif olunurdu. Müqavilədə ürək xəstəliyi olan şəxslərin düşərgəyə qeydiyyatı qadağan edilirdi.
Hounun bacısı bildirib ki, qardaşı bu yaxınlarda babasil əməliyyatı keçirib, lakin özünü tam sağlam hiss edib və düşərgəyə velosipedlə sərbəst şəkildə gedib. Cəmi üç gün sonra Hou dünyasını dəyişib. Düşərgə rəhbərliyi iddia edir ki, yeni gələnlər hələ adaptasiya dövründə olduqları üçün onlara ağır fiziki yüklənmələr tətbiq edilmir.
Mərhumun yaxınları müəssisəni məsuliyyətsizlikdə günahlandıraraq araşdırma tələb ediblər. Düşərgə əməkdaşları isə günahlarını inkar edir və uyğunlaşma günlərində təlimlərin olmadığını vurğulayırlar. Hazırda yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb.