Çində Düçenn əzələ distrofiyasına qarşı hazırlanan gen terapiyasının klinik sınaqlarında iştirak edən azyaşlı vəfat edib. Ölüm hadisəsi 2025-ci ilin avqustunda baş versə də, bu barədə məlumat yalnız "STAT News"un apardığı araşdırmadan sonra "HuidaGene Therapeutics" şirkəti tərəfindən açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, ölümə AAV virus vektorları əsasında hazırlanmış "HG302" preparatının yüksək dozasının yaratdığı ağır immun reaksiya nəticəsində inkişaf edən kəskin respirator distres sindromu səbəb olub.
Pasiyentin kimliyi açıqlanmayıb. Bununla belə, məlumdur ki, klinik sınaqlara 4-8 yaşlı oğlan uşaqları cəlb olunublar. Hazırda Çin rəsmiləri və Şanxay Universiteti hadisə ilə bağlı araşdırmalara başlayıblar.
Qeyd edək ki, bu, Çində gen terapiyası ilə bağlı qeydə alınan ilk uşaq ölümü deyil. Bundan əvvəl "Bloomberg" nəşri "Retraction Watch"un araşdırmasına istinadən Şanxayda gen redaktəsi tətbiq olunan eksperimental müalicə sınaqları zamanı altı yaşlı qızın həyatını itirdiyini bildirmişdi.
Məlumata görə, genetik mutasiyası olan uşaq 2025-ci ilin martında Sinhua xəstəxanasında eksperimental terapiya almışdı. Lakin bir neçə gün sonra ağır immun reaksiya nəticəsində vəfat etmişdi.