Çində yerli istehsal olan 10 tonluq "CE-25A" elektrik kommersiya təyyarəsi noyabrın 14-də Şandun əyalətinin Binçjou şəhərində ilk sınaq uçuşunu uğurla başa vurub.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Kommersiya Təyyarə Korporasiyası (COMAC) məlumat yayıb.
Məlumata görə, iki pilot və bir sınaq mühəndisinin iştirak etdiyi uçuş zamanı təyyarənin bütün texniki göstəriciləri gözləntilərə uyğun olub.
COMAC tərəfindən hazırlanan ilk elektrik kommersiya təyyarəsi olan "CE-25A"nın əsasən şəhərlərarası sərnişin daşımalarında istifadə edilməsi nəzərdə tutulur.
19 sərnişin tutumuna malik təyyarənin maksimal uçuş çəkisi 10 ton, uçuş məsafəsi isə 400 kilometrdir. Saatda 300 kilometr sürətə çata bilən hava gəmisinin kreyser uçuş hündürlüyü (uçuşun əsas və sabit mərhələsində saxlanılan hündürlük) 2 400 metr təşkil edir.