Çin uzaq məsafədə yerləşən hava hədəflərini məhv etmək üçün istifadə oluna biləcək hipersəs manevr edən döyüş bloku texnologiyası hazırlayıb.
Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yeni sistem vasitəsilə "hava-hava" tipli raketlər buraxıla bilər.
Məlumata görə, bu texnologiya Çinə hava komanda məntəqələri kimi yüksək əhəmiyyətli hədəfləri buraxılış nöqtəsindən təxminən 1 600 kilometr məsafədə təhdid etmək imkanı verə bilər.
Mənbənin məlumatına əsasən, bu nailiyyət Çinin dünyanın ən böyük raket arsenalından - 3 150-dən çox ballistik raketdən müxtəlif hərbi məqsədlər üçün istifadə imkanlarını genişləndirmək səylərinin bir hissəsidir.
Həmçinin bildirilir ki, çinli mütəxəssislər bəzi hipersəs qanadlı raketlərin üzərinə "hava-hava" raketləri yerləşdirə biliblər. Bundan əlavə, bəzi raketlərə suüstü hədəflərə zərbə endirmək üçün əlavə imkanların verildiyi qeyd olunur.
"Bloomberg" yazır ki, belə silahlar ABŞ-nin hava əməliyyatları üçün ciddi təhlükə yarada bilər. Agentlik eyni zamanda bildirir ki, Çindən başqa hər hansı ölkənin hipersəs döyüş bloklarını "hava-hava" raketləri ilə birləşdirə bilib-bilmədiyi hələ məlum deyil.