Snuker üzrə keçmiş dünya çempionu, şotlandiyalı Qrem Dott iki uşağa qarşı cinsi zorakılıqda təqsirli bilinib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məhkəmənin müəyyənləşdirdiyinə görə, cinayətlər 1993-2010-cu illər arasında törədilib. Zərərçəkənlərdən biri qız (1993-1996-cı illər arasında), digəri isə oğlan (2006-2010-cu illər arasında) olub. Cinayətlərin törədildiyi vaxt hər iki uşaq ibtidai məktəbdə oxuyub.
Qrem Dott ittihamları rədd edib və onları "iyrənc" adlandırıb.
Bildirilir ki, hazırda 40 yaşında olan qadın 2001-ci ildə polisə ərizə ilə müraciət edib, lakin həmin vaxt onun şikayəti üzrə tədbir görülməyib. 2024-cü ilin noyabrında ikinci zərərçəkənin müraciətindən sonra polis qadınla yenidən əlaqə saxlayıb.
49 yaşlı Dott ona qarşı irəli sürülən ittihamların hər birini rədd edib. Avqustun 24-də andlılar heyəti onu təqsirli bilib. İdmançıya hökm sentyabrın 29-da Edinburq Ali Məhkəməsində elan ediləcək.
Qeyd edək ki, Dott 2006-cı ildə dünya çempionu olub. O, həmçinin dünya çempionatında iki dəfə finala çıxıb (2004, 2010).
Ümumdünya Peşəkar Bilyard və Snuker Assosiasiyası (WPBSA) 2025-ci ilin aprelində ona qarşı ittihamlar irəli sürüldükdən sonra Dottu yarışlarda iştirakdan kənarlaşdırıb.