Leonardo Da Vinçinin dünya şöhrətli rəsm əsəri –“Cokonda” (Mona Liza) Parisin Luvr muzeyindən çıxarıla bilər.
Oxu.Az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Fransuaz Nissen Europe 1 radiostansiyasına verdiyi müsahibədə bildirib.
“Yaxın zamanda Luvrun direktoru ilə görüşəcəm, onunla bu məsələni ciddi şəkildə müzakirə edəcəyik” deyə nazir bildirib. O, bunu “mədəni seqreqasiyaya” qarşı mübarizə aparmağa çalışması ilə izah edib və incəsənət əsərinin eyni dörd divar arasında bağlı saxlanılmasını yolverilməz sayır.
“Hesab edirəm ki, məşhur sənət əsərləri ölkənin müxtəlif rayonlarında nümayişə çıxarılmalıdır”deyə Nissen vurğulayıb.
Qeyd edək ki, “Cokonda”-nı əldə etməyə ən iddialı namizəd Luvrun Lans şəhərindəki filialıdır.