İyunun 17-də vəfat etmiş Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl bu gün son mənzilə yola salınır.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ilk mərasim Dəmirəlin Güniz Sokakdakı evində təşkil olunub. İkinci mərasim isə Türkiyə Böyük Millət Məclisində keçirilib.
Mərasimdə çıxış edən Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Süleyman Dəmirəlin ailəsinə başsağlığı verib.
“Dəmirəl canlı bir tarix idi... O, özünəməxsus dövlət xadimi olub... Millətinə güclü bağlı idi”, - dövlət başçısı deyib.
Mərasimdən sonra Dəmirəlin nəşi Kocatepe Camisinə aparılacaq. Kortejin yürüşü 2.5 saat çəkəcək. Cümə namazından sonra cənazə namazı qılınacaq. Daha sonra Dəmirəlin nəşi vətəni olan İspartaya aparılacaq.
Qeyd edək ki, Azərbaycanı Süleyman Dəmirəlin dəfn mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir.