Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Depardye cinsi qısnama ittihamı ilə 18 ay müddətinə həbs edilə bilər
Fransa prokurorluğu kino industriyasında işləyən iki qadına qarşı qısnamada ittiham olunan aktyor Jerar Depardye üçün 18 aylıq şərti həbs istəyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
"Prokuror məhkəmədən təqsirkara qarşı hökm çıxarılmasını istəyib və üç il sınaq müddəti olmaqla 18 ay şərti cəza və 20 min avro cərimə (təxminən 21.500 ABŞ dolları) təyin olunmasını istəyib. O həmçinin təqsirkarın məcburi psixoloji müalicə almasını, mülki təzminat ödəməsini və cinsi cinayətlərin reyestrində qeydiyyata alınmasını tələb edib", - məlumatda bildirilir.
Dinləmələr zamanı müdafiə tərəfi sistematik olaraq aktyora qarşı irəli sürülən ittihamları rədd edib. Depardye özü isə etiraf edib ki, ona qarşı şikayət edən qadınlara toxunub və çəkiliş meydançasında kobud sözlər işlədib, lakin bu, heç vaxt cinsi qısnama məqsədi daşımayıb.
Depardyeyə qarşı ittihamları 54 yaşlı quruluşçu rəssam Ameli və 34 yaşlı rejissor köməkçisi Sara irəli sürüb. Zərərçəkmişlərin soyadları açıqlanmır. Kinostudiyanın hər iki əməkdaşı iddia edir ki, "Les Volets verts" (2022) filminin çəkilişləri zamanı Depardye ədəbsiz zarafatlar edib və onlara toxunub. Zərərçəkmişlərdən birinin dediyinə görə, aktyor hadisədən dərhal sonra üzr istəməkdən imtina edib və hətta onun üstünə qışqırıb.