Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb.
Karla Fornasın sözlərinə görə, qəhvə, çay və tütün adətən dişlərin ağlığını itirməsinin əsas səbəbləri sırasında ilk yerlərdədir. Lakin daha az nəzərə çarpan qida məhsulları və içkilər də oxşar təsirə malikdir. Məsələn, böyürtkən və moruq kimi parlaq rəngli giləmeyvələr diş minasının rənginə təsir göstərə bilər.
Həmçinin mütəxəssis siyahıya ağ və qırmızı şərabı, barbekü sousu, ketçup və teriyaki kimi yüksək piqmentasiyalı sousları da əlavə edib. Bundan əlavə, məşhur ədviyyat olan sarıkök də dişləri saralda bilər.
Eyni zamanda həkim vurğulayıb ki, sadalanan qida məhsullarının və içkilərin istehlakı dişlərin rənginin dərhal dəyişməsinə səbəb olmur, lakin onların müntəzəm olaraq rasiona daxil edilməsi bu yan təsirə gətirib çıxara bilər.