2026-cı ilin ilk 9 ayı ərzində 97 stomatoloqun qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Açıqlamada qeyd olunub ki, qanunsuz fəaliyyət göstərən stomatoloqların 45-i regionlarda, 52-si isə Bakı və ətrafı ərazilərdə müəyyən edilib:
"Həmin stomatoloqlar barəsində inzibati tənbeh tədbiri seçilərək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib və növbəti icraata göndərilib.
Bu maddələr aşağıdakılardır:
210.1 - Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə;
215.1 - Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə;
215.4 - Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə.
Qeyd edək ki, qanunsuz fəaliyyət faktları aşkar edildikdə Mərkəz tərəfindən qanunvericiliyə uyğun olaraq dərhal müvafiq tədbirlər görülür. Protokolların tərtib edilib icraata göndərilməsi qanunsuz fəaliyyətə qarşı dövlət nəzarətinin sistemli şəkildə həyata keçirildiyini göstərir".
Məlumatda bildirilib ki, tibbi fəaliyyət sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dair yoxlamalar davam etdirilir:
"Bunun əsas məqsədi vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətlərin təhlükəsiz və qanuni şəraitdə göstərilməsinin təmin edilməsi, habelə lisenziya və ixtisas tələblərinə uyğunluğun nəzarətdə saxlanmasıdır.
Vətəndaşlar stomatoloji xidmət alarkən müvafiq tibb müəssisəsinin lisenziyasının, həkimin ixtisas və sertifikat sənədlərinin mövcudluğuna diqqət yetirmələri tövsiyə olunur. Qanunsuz tibbi fəaliyyət halları ilə bağlı məlumatlar AEM-ə təqdim edildikdə hər bir müraciət müəyyən edilmiş qaydada araşdırılır və nəticələr əsasında qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür".
Aytac Qasımova