“Son üç gün ərzində səfirliklə birgə 40-dan çox azərbaycanlını təxliyə etmişik”.
Bunu Oxu.Az-a açıqlamasında Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli bildirib.
O bildirib ki, təxliyə edilənlər arasında 27 nəfər Azərbaycan vətəndaşıdır:
“Digərləri isə Ukrayna vətəndaşlığını qəbul etmiş həmvətənlərimizdir. Sərhədyanı ərazidə olduğumuz üçün müraciət edənlər, maraqlananlar çoxdur. Biz də əlimizdən gələni etməyə çalışırıq. Buraya üz tutan həmvətənlərimizə qidalanma və müvəqqəti sığınacaqla bağlı əlimizdən gələn köməyi edirik.
Macarıstana gələn azərbaycanlılardan 4 nəfər artıq İstanbul üzərindən Azərbaycana göndəriliblər. Həftədə bir dəfə Budapeştdən Bakıya birbaşa reys var. Artıq dörd nəfər həmin reyslə bilet alaraq Vətənə yola düşüblər”.

Könül Cəfərli