"Dünyanın bir çox ölkəsində müharibələr zaman-zaman alovlanır. Ancaq onların heç də hamısı müharibə qanunlarına uyğun aparılmır.
Özünü "demokratik", "böyük" adlandıran BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin apardığı müharibələrdə yaşayış məntəqələri yerlə bir edilir, milyonlarla insan qaçqın və məcburi köçkün düşür, yüzminlərlə insan həlak olur.
2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı bir günlük antiterror əməliyyatlarına baxanda isə görürük ki, Azərbaycan bir dəfə də olsun qanunsuz əməllərə imza atmayıb, mülki əhali ilə döyüşməyib".
Bu sözləri Oxu.Az-a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov deyib.

"Azərbaycanın ən humanist addımı ondan ibarət idi ki, 44 günlük müharibədən sonra ölkəmizin vətəndaşı olmuş ermənilərə Qarabağa qayıtmağa şərait yaratdı.
Azərbaycan Prezidenti müharibənin ilk günündə ölkəmizin məqsədini elan etdi: bu, Ermənistan ordusunun Azərbaycan ərazilərini tərk etməsi idi. Nə vaxt ki, Ermənistan rəhbərliyi silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxaracağı ilə bağlı öhdəlik götürdü, həmin zaman müharibə dayandı. Bundan sonra həmin öhdəlik Ermənistan tərəfindən pozuldu və Azərbaycan məcbur oldu ki, 2023-cü ildə antiterror əməliyyatı həyata keçirsin: yenə də mülki əhaliyə qarşı deyil, ərazimizdə olan Ermənistana məxsus silahlı qüvvələrə qarşı.
Digər tərəfdən, sülh sazişinin təklif edilməsi və danışıqların aparılması da məhz Azərbaycanın təşəbbüsü olub. Başqa bir məqam isə bundan ibarətdir ki, sülh sazişi paraflanıb və Ermənistan hökuməti ilə sülh gündəliyində ardıcıl addımların atılması razılaşdırılıb. Bu onu göstərir ki, Azərbaycan bütün çətinliklərə və maneələrə rəğmən Ermənistanla sülh şəraitində qonşuluq siyasətini həyata keçirmək əzmindədir".