Böyük Britaniyada dünyanın ən kök insanı, Kit Martin (Keith Martin) vəfat edib.
Oxu.Az The Daily Mirror-a istinadən xəbər verir ki, 44 yaşlı Kit Martin 444 kq çəkiyə malik idi. Ginnesin Rekordlar kitabı tərəfindən çəki rekordsmeninin ölümünə səbəb pnevmoniya olub.
Martin mədəsinin ölçüsünü kiçiltmək məqsədi ilə edilən əməliyyatdan səkkiz ay sonra vəfat edib. Bu əməliyyat Kitin arıqlamaq istiqamətində atdığı çoxsaylı addımlardan biri idi.
Martin yeniyetmə yaşında anasının ölümündən sonra kökəlməyə başlayıb. Amma o yeməyə olan həvəsində yalnız özünü günahkar sayırdı: “Günah özümdədir. Heç kim tapancanı başıma dirəyib məni yeməyə məcbur etmirdi”, - müsahibələrinin birində bildirib.
Onun gündəlik olaraq tibbi personalın yardımına ehtiyacı var idi, bu personal isə nə az, nə çox 18 nəfərdən ibarət idi. Britaniya ekspertlərinin hesablamalarına görə rekordsmenin qulluğu vergi ödəyicilərinə 50 min (təxminən 64 min dollar) funta başa gəlirdi.
Martinin mədəsinin balacalaşdırılması əməliyyatını aparan həkim Kesava Mannur (Kesava Mannur) kişiyə yardım etməyə ümid edirdi.
Mannur Britaniya hakimiyyətinin piylənmə ilə mübarizəni iki istiqamətdə aparmalı olduğunu vurğulayıb. Bu istiqamətlərdən biri fast-foodlara və yarımfabrikat yeməklərinə qiymətin mümkün qədər bahalaşdırılmasıdır. 2014-cü ildə bu təşəbbüs ilə britaniyalı dizayner Vivyen Vestvud çıxış etmişdi. O, bu qərar üçün imza toplamağa hazırlaşırdı.