"Clavicular" təxəllüsü ilə tanınan ABŞ-li bloqer və "looksmaxxing" (xarici görünüşü maksimum dərəcədə təkmilləşdirmək) trendinin ideoloqu Brayden Peters cinsi təcavüz və yetkinlik yaşına çatmayan şəxs üçün spirtli içki almaq ittihamları üzrə özünü təqsirli bilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb. Sosial şəbəkə istifadəçilərinin "dünyanın ən yaraşıqlı kişisi" hesab etdiyi 20 yaşlı influenser Orlean şəhərində hakim qarşısına çıxıb.
Məhkəmə dinləmələri zamanı o, istintaqın 2025-ci ilin mayında baş verdiyini iddia etdiyi cinayət əməllərində iştirakını təkzib edib. Məhkəmə tərəfindən 10 min dollar dəyərində girov təyin olunub. Sözügedən məbləği ödəyən Piters azadlığa buraxılıb. Bloqerə iddia edilən zərərçəkmişlə hər hansı formada əlaqə qurmaq və onun barəsində sosial platformalarda məlumat dərc etmək qadağası qoyulub. Bundan əlavə, o, pasportunu təhvil verməli olub.
İnfluenserin vəkili işin bağlanması tələbi ilə rəsmi vəsatət qaldırıb. Hüquqşünas Devid Meyer polis idarəsinin əlində müvəkkilinin günahını sübut edəcək yetərli dəlillərin olmadığını vurğulayıb.
"2025-ci ilin may ayında Piters 19 yaşında, şikayətçi isə 17 yaşında idi. Onların arasında sonradan daha bir il davam edəcək şəxsi və peşəkar əlaqələr formalaşmışdı. Şikayət edən şəxs bu müddət ərzində heç vaxt polisə müraciət etməyib, çünki ortada şikayət olunacaq bir məsələ yox idi", - deyə Meyer qeyd edib.