"DreamDoll Bri" ləqəbi ilə tanınan məşhur influenser Brianna Conson Amerikanın Florida ştatının cənubunda öz avtomobilində silahlı hücuma məruz qalaraq qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkədə təxminən yarım milyon izləyicisi olan 21 yaşlı Conson iyulun 5-i səhər saatlarında Miramar şəhərində "Lamborghini Urus" markalı yolsuzluq avtomobilini idarə edirdi. Bu zaman ona yaxınlaşan ağ rəngli sedan tipli maşından naməlum şəxslər tərəfindən atəş açılıb. Hadisə vaxtı nəqliyyat vasitəsində olan digər iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Cinayətkarların kimliyi və hadisənin başvermə səbəbləri barədə hələlik heç bir rəsmi məlumat verilmir.
Qeyd edək ki, bir müddət əvvəl "Gun Violence Archive" qeyri-hökumət təşkilatı ABŞ-də Müstəqillik Gününün qeyd olunduğu üç gün ərzində odlu silahdan açılan atəş nəticəsində 100 nəfərin öldüyünü, daha 340 nəfərin isə yaralandığını açıqlamışdı.