Estoniya Respublikasının xarici işlər naziri Marqus Saxkna bildirib ki, Rusiyanın Rumıniya sahilləri yaxınlığında ticarət gəmisinə endirdiyi son PUA (pilotsuz uçuş aparatı) zərbəsi Qara dənizdə gərginliyin artırılması istiqamətində atılmış növbəti addımdır.
Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Nazir həlak olan dənizçinin ailəsinə dərin hüznlə başsağlığı verib, itkin düşmüş sayılan şəxslər və onların doğmalarını düşündüyünü qeyd edib.
"Rusiya tərəfindən mülki ticarət gəmilərinə edilən bu cür davamlı hücumlar beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Eyni zamanda, bu əməllər günahsız insanların həyatı üçün birbaşa təhlükə yaradır və dənizçilikdə sərbəst hərəkət azadlığına ciddi zərbə vurur. Rəsmi Tallin bu çətin məqamda Rumıniya dövləti ilə tam həmrəy olduğunu bəyan edir. Estoniya həmçinin Avropa İttifaqı və NATO üzrə müttəfiqləri ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcəyini diqqətə çatdırır", - deyə nazir vurğulayıb.
"Bu gün yenidən Qara dənizdə, Rumıniyanın ərazi sularından kənarda baş verənlər qəbuledilməzdir və beynəlxalq hüququn, xüsusilə də dəniz gəmiçiliyi azadlığı prinsipinin kobud şəkildə pozulmasıdır. Bu, Rusiyanın gərginliyi artırmasının nəticəsidir".
Oxu.Az xəbər verir ki, bu sözləri Rumıniya Baş naziri Luka Nikulesku bildirib:
"Məsul qurumlarımızla daim əlaqədə olmuşam. Hazırda səylərimiz insanların həyatının xilas edilməsinə və dənizçilərin təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Dəniz gəmiçiliyi azadlığını və dəniz təhlükəsizliyini təmin etmək üçün müttəfiqlərimizlə birgə səylərimizi davam etdirəcək, Bolqarıstan və Türkiyə ilə koordinasiyanı gücləndirəcəyik.
Rumıniyanın NATO müttəfiqləri səviyyəsində apardığı danışıqlar və təşəbbüslər nəticəsində ölkəmiz əlavə təchizat və avadanlıqlarla təmin olunacaq".
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qara dənizdə Rusiya tərəfindən gərginliyin növbəti dəfə artmasından ciddi şəkildə narahat olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə AK sədri özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Fon der Lyayen qeyd edib ki, bu düşüncəsiz hücumlar günahsız insanları hədəf alır və beynəlxalq hüquqa açıq şəkildə meydan oxumaqdır. O, həmçinin həyatını itirən dənizçinin ailəsinə başsağlığı verib və hazırda itkin düşmüş hesab olunan üç heyət üzvünün yaxınlarının yanında olduğunu vurğulayıb.
Avropa Komissiyasının rəhbəri axtarışları davam etdirən xilasetmə qruplarına öz minnətdarlığını bildirib.
Oxu.Az-ın "Agerpres"ə istinadən verdiyi məlumata görə isə Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu ticarət gəmisinin batmasında Rusiyanı günahlandırıb.
"Bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiya prosesinin bir hissəsidir", - deyə Rumıniya Prezidenti bildirib.
Qeyd edək ki, bu gün Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Khoryv" adlı ticarət gəmisinin Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batdığına dair məlumat yayılıb. Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır.
Hadisə nəticəsində bir dənizçinin öldüyü, 3 nəfərin itkin düşdüyü, 9 nəfərin isə xilas edildiyi bildirilib.