“Heç bir təbəqənin tərəddüdünə səbəb olacaq vəziyyət yoxdur. Beynəlxalq bazarlar Türkiyə iqtisadiyyatına tam etibar edir”.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında Rusiya ilə bağlı iqtisadi proseslərin Türkiyəyə təsiri barədə sualı şərh edərkən deyib.
O qeyd edib ki, dünya iqtisadiyyatında geriləmə davam edir. Bütün bu məsələlər G20 sammitində müzakirə olunub və hökumət bütün mümkün riskləri dəyərləndirir və müvafiq addımlar atır.
Baş nazir onu da əlavə edib ki, belə vəziyyətlərdə əsas məsələ iqtisadi sabitliyin davamlılığını qorumaq, hər hansı böhran əlamətinə qarşı önləyici tədbirlər görməkdir.
Rublun kursunun bir gün 12 faiz, növbəti gün 10 faiz tərəddüd etməsinin bütün dünya iqtisadiyyatına təsir etdiyini deyən Ə.Davudoğlu bir müddət əvvəl Türkiyə lirəsinin də kursunda dollara nisbətən 3 faiz dəyişmə olduğunu qeyd edib:
“Amma Türkiyə iqtisadiyyatı sağlam maliyyə sisteminə görə başqa ölkələrlə müqayisədə hər hansı şok təsiri yaşamadan bunu ötüşdürə bildi. Niyə? Çünki təsirli addımlar atmağa nail olduq”.
Baş nazir əlavə edib ki, bu tədbirlərdən sonra lirənin kursu nisbətən sabitləşib: “Türk iqtisadiyyatının sağlamlığı ilə bağlı şübhələrə əsas yoxdur”.