Müğənni Madonna tamamlanmamış “Iconic” albomunun şəbəkəyə sızmasına reaksiya verib. O, öz fikrini İnstagram-da bölüşüb, sonradan isə yazını silib, Daily Mail xəbər verib. Pop-müğənni qeyd edib ki, cinayətkarların davranışını yaradıcı insana qarşı zorakılıq adlandırmaq və terrorizmlə müqayisə etmək mümkündür.
“Bu, mahnıların sadəcə demo versiyasıdır, onlardan yarısı alboma düşəcək, digər hissəsi isə dəyişdirilir və tamamlanır. Bu, terrorizmin formalarından biridir. Lənət olsun. Axı niyə insanlar bədii əsərin yaradıcılıq prosesini məhv etmək istəyirlər? Oğurlamaq nəyə lazımdır? Axı niyə mənə albomu bitirməyə imkan vermirlər?”- müğənni sosial şəbəkədə yazıb.
Oxu.Az bu barədə Lenta-ya istinadən xəbər verir.
Madonnanın 2015-ci ildə işıq üzü görəcək diski şəbəkədə dekabrın 17-də peyda olub. İnternetdə albomun 13 treki yayılıb.
“Time” nəşri qeyd edir ki, bu müğənninin işlərinin internetə sızması ilk dəfə deyil. Məsələn, 2012-ci ildə hakerlər işıq üzü görməsinə bir neçə ay qalmış “Give Me All Your Luvin” sinqlını internetdə yayıblar. 2003-cü ildə isə “American Life” albomunun materialları internetdə yayılmışdı.