FIFA-nın "Super Bowl" üslubunda şou təşkil etmək barədə mübahisəli qərarı səbəbindən futbol üzrə dünya çempionatının finalında hissələrarası fasilə yarım saata qədər uzana bilər.
Oxu.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, turnirin finalçılarının qarşılaşacağı Nyu-Cersi ştatındakı "MetLife" stadionunda iyulun 19-da möhtəşəm "Halftime Show" (fasilə şousu) baş tutacaq.
Səhnənin əsas ulduzları qismində kanadalı müğənni Castin Biber, amerikalı pop-diva Madonna, kolumbiyalı ifaçı Şakira və Cənubi Koreyanın məşhur BTS qrupu çıxış edəcək. Bu qlobal şounun təşkilatçılığı isə "Coldplay" qrupunun solisti Kris Martinə həvalə olunub.
Həlledici matçdan əvvəl tamaşaçıları daha bir sürpriz - 90 dəqiqəlik bağlanış mərasimi gözləyir. Bu tədbirdə aktyor Tom Kruz, müğənnilər Laura Pauzini, Nikol Şerzinger, Robbi Uilyams və tanınmış vloqer "IShowSpeed" iştirak edəcəklər.
Böyük Britaniyanın BBC və ITV telekanalları artıq 30 dəqiqəlik fasiləyə hazırlaşır. Bu qərar 11 dəqiqəlik musiqi şousunu yayımlamaq və ekspertlərin iştirakı ilə birinci hissənin ənənəvi 15 dəqiqəlik təhlilini qoruyub saxlamaq üçün zəruridir.
Çıxışın cəmi 11 dəqiqə davam edəcəyi və nəzəri olaraq standart fasiləyə sığacağı bildirilir. Lakin şou üçün nəhəng səhnənin qurulması və ardınca sökülməsi mütləq şəkildə əlavə vaxt tələb edəcək.
Oyun qaydalarını tənzimləyən Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təlimatlarında açıq şəkildə qeyd olunur ki, hissələr arasındakı fasilə "15 dəqiqədən çox olmamalıdır".
Hələ 2021-ci ildə IFAB Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) fasilənin maksimum müddətini 25 dəqiqəyə çatdırmaq təklifini rədd etmişdi. Qurum bu qərarını "oyunçuların səhhətinə və təhlükəsizliyinə mənfi təsir" amili ilə əsaslandırmışdı.
Buna baxmayaraq, FIFA 2025-ci ildə məhz Nyu-Cersidə keçirilən Klublararası Dünya Çempionatının finalında reqlamenti artıq pozmuşdu: o zaman Coldplay, Doja Cat və Tems-in çıxışlarına görə fasilə 25 dəqiqəyə qədər uzanmışdı. Həmçinin 2024-cü ildə CONMEBOL Amerika Kubokunun finalı zamanı Şakiranın konsertini təşkil etmiş və bu səbəbdən fasilə yenə təxminən 25 dəqiqə davam etmişdi.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının ilk finalçısı Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya millisi olub. İkinci finalçının adına isə bu gün keçiriləcək (Bakı vaxtı ilə saat 23:00-da - red.) İngiltərə - Argentina matçında aydınlıq gələcək.