Şirkətin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən və iki il məhkəmə araşdırması aparılan Orxan Məcidov və Həsən İbrahimovun cinayət işinin məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclas zamanı hökm oxunaraq Orxan Məcidov və Həsən İbrahimovun hər biri 10 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmə 72-ci maddəni tətbiq etməklə onlara üç il sınaq müddəti olmaqla şərti cəza verib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı hər iki təqsirləndirilənin 6 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, Orxan Məcidov və Həsən İbrahimov "Güzdək" MMC-yə məxsus 970 min manat pulu mənimsəməkdə təqsirləndirilərək barələrində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.4-cü (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə ) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülərək həbs qətimkan tədbiri seçilmişdi.
Elgün Həsənli