İranın məxfi AMAD layihəsinin öldürülmüş rəhbərinin oğlu Həmid Fəxrizadə ölkəsinin nüvə sahəsindəki bütün fəaliyyətlərinin müdafiə xarakteri daşıdığını və mümkün nüvə hücumuna qarşı hazırlıq məqsədi güddüyünü bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Tehrandakı Şərif Texnologiya Universitetində keçirilən görüşdə Həmid Fəxrizadə atası, nüvə fiziki Möhsün Fəxrizadənin atom bombasını İranın əldə etdiyi digər elmi nailiyyətlərlə müqayisədə zarafat adlandırdığı söhbəti bir daha xatırladıb.
O bildirib ki, bir dəfə atasından İranın atom bombasına sahib olub-olmadığını soruşub.
"Oğlum, biz elə bir bilik səviyyəsinə çatmışıq ki, bunun fonunda nüvə bombası zarafatdır", - deyə Möhsün Fəxrizadə cavab verib.
Həmid Fəxrizadə bu söhbət barədə daha əvvəl, 2025-ci ilin martında da danışmışdı. O zaman atasına atom bombası ilə bağlı sualı zarafatla verdiyini bildirmişdi. Onun sözlərinə görə, atası gülümsəyərək "gələcək müharibə nüvə müharibəsi olmayacaq" cavabını verib. Möhsün Fəxrizadə gələcək müharibələrdə digər texnologiyaların daha mühüm rol oynayacağını düşünürdü.
Tehranda keçirilən görüşdə Həmid Fəxrizadə öz mövqeyini də açıqlayıb. Onun fikrincə, elmi layihələr İrana düşmənlərini atom bombasından daha effektiv şəkildə çəkindirmək imkanı verir.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 2011-ci il hesabatında Möhsün Fəxrizadə İranın nüvə silahı hazırlamaq istiqamətində fəaliyyətlərini birləşdirdiyi bildirilən AMAD layihəsinin rəhbəri kimi göstərilib.
2018-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu İsrail kəşfiyyatının əldə etdiyi iddia olunan İranın nüvə arxivinə aid sənədləri təqdim edib. Baş nazirin sözlərinə görə, həmin sənədlər AMAD layihəsinin rəsmi olaraq dayandırılmasından sonra nüvə silahı ilə bağlı fəaliyyətlərin başqa adlar altında davam etdirildiyini göstərirdi.
"Bu adı yadda saxlayın - Fəxrizadə", - deyə Netanyahu həmin vaxt bildirmişdi.
Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehranın şərqində yerləşən Absard bölgəsində öldürülüb. Həmin vaxt o, İran Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Müdafiə Tədqiqatları Bölməsinə rəhbərlik edirdi. Tehran sui-qəsddə İsraili ittiham edib. İsrail isə hadisəyə görə məsuliyyəti rəsmən öz üzərinə götürməyib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi BAEA-nı yenidən qərəzlilikdə ittiham edib. İsrailin "9-cu kanal"ının noyabrın 15-də yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi agentliyin ABŞ və bir sıra Avropa ölkələrinin təsiri altında birtərəfli hesabatlar hazırladığını bildirib.
O həmçinin vurğulayıb ki, Tehran uranın zənginləşdirilməsindən imtina etmək niyyətində deyil. Bəqayinin sözlərinə görə, İran Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə əsasən, uranı zənginləşdirmək hüququna malikdir.