“Elektronikin macəraları” filmində çəkilən aktyorları ictimai yerdə siqaret çəkdikləri üçün polis saxlayıb.
Oxu.Az Tvzvezda.ru-ya istinadən xəbər verir ki, Vladimir və Yuri Torsuyevlər “Sportivnaya” metrostansiyasının çıxışında siqaret çəkməyə dayanıblar.
Polis idarəsində iddia edirlər ki, asayiş keşikçisi onlara yaxınlaşdıqda qardaşlar qalmaqal yaradıblar. Amma məşhurlar bu iddiaya etiraz ediblər.
“Hər şey nəzakət çərçivəsində baş verib. Başqa şey qəribədir: çox gülməli vəziyyət siqaret çəkməyə icazə verilən yerdən bir metr o tərəfə artıq siqaret çəkməyin qadağan edilməsidir. Əgər sən polis zabitisənsə yaxınlaş və sakitcə: “Uşaqlar bir metr o tərəfə çəkilin” de, - Torsuyev qardaşları danışıb.
Qardaşları polis idarəsinə gətirdikdən sonra, onlar protokolu imzalamaqdan imtina edərək, özləri şikayət ərizəsi yazıblar. Onlar xəbər veriblər ki, saxlandıqları üçün çəkilişləri ləğv edilib.
“Əgər məhkəmə qərar versə biz cərimə ödəyəcəyik, amma əgər bizim müdirlər bizə cəza versələr, artıq bundan sonra nə edəcəyimizi düşünəcəyik”, - Torsuyev qardaşları bildirib.