Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi açılıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə iki layihənin təqdimatının keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, artıq uzun illərdir dostluq münasibətimizin olduğu, Azərbaycan incəsənətinin xaricdə təbliği sahəsində ölkəmizin səfirinə çevrilmiş, tanınmış heykəltəraş Lorens Cenkellin təqdim edilən fərdi sərgisində qeyri-adiliyi ilə fərqlənən və müxtəlif dövlətlərin bayraqlarını özündə təcəssüm etdirən heykəllər nümayiş olunur.
Mərkəzin direktoru Anar Ələkbərov bir neçə ay davam edəcək bu sərginin paytaxtın sakinləri və qonaqları üçün çox maraqlı olacağını deyib.
Müəllifin Bakıda açılmış ilk fərdi sərgisində, ümumilikdə, 27 əsər təqdim edilib.
Sərgidə Azərbaycan bayrağının da heykəli nümayiş olunmuşdur.
Müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda “Böyük iyirmilik” ölkələrinin (G20) sammitində təşkil olunub. Həmin vaxt Lorens Cenkell zirvə toplantısı üçün “Böyük iyirmiliyə” üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlayıb.
Əsasən, pleksiqlasla işləyən heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da əsərləri var.
Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri, bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Lorens Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənib. Sərgi oktyabrın 31-dək davam edəcəkdir.