Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Emmi" mükafatını qazanan ilk türk aktyor ikinci dəfə namizəd göstərildi
Məşhur türkiyəli aktyor Haluk Bilginer ikinci dəfə beynəlxalq "Emmi" mükafatına namizəd göstərilib.
Bu barədə Oxu.Az NTV.com.tr-yə istinadən xəbər verir.
Məlumata görə, Türkiyəni "Emmi" mükafatının serial kateqoriyasında "Safir" serialı, "Ən yaxşı kişi aktyoru" kateqoriyasında isə Haluk Bilginer təmsil edəcək.
Qeyd edək ki, tədbirdə 21 ölkədən 56 namizəd 14 kateqoriya üzrə yarışır.
Bildirilir ki, Bilginer, həmçinin, 52-ci "Emmi" Dünya Televiziya Festivalı çərçivəsində Nyu-Yorka gedib. Festival ənənəvi olaraq mükafatlandırma mərasimindən əvvəlki həftəsonu keçirilir və bu geniş tədbir üçün namizədlər bir araya gəlirlər. Aktyor tədbir çərçivəsində təşkil edilən mətbuat konfransına qatılıb.
Noyabrın 25-də isə "Emmi" mükafatı Nyu-Yorkda öz sahiblərini tapacaq.
Xatırladaq ki, Haluk Bilginer 2019-cu ildə "Puhutv"də yayımlanan, "Ay Yapım"ın prodüserliyi ilə çəkilmiş "Şahsiyet" serialındakı "Agah Beyoğlu" obrazı ilə "Ən yaxşı kişi aktyoru" mükafatını qazanmışdı. Vurğulayaq ki, o, bu mükafata layiq görülən ilk türk aktyordur. Bu dəfə də "Şahsiyet" serialının ikinci mövsümündə göstərdiyi performansa görə eyni kateqoriyada namizəd göstərilib.
Qeyd edək ki, Haluk Bilginer, həmçinin, rejissoru Pablo Larrain olan "Mariya" filmində Ancelina Coli ilə birlikdə rol alıb.
Film yunanəsilli amerikalı soprano Mariya Kallasın 1970-ci illərdə Parisdəki həyatını və dərin tənhalığını təsvir edir. Ancelina Coli Kallas rolunda, Haluk Bilginer isə Kallasın sevgilisi kimi tanınan məşhur yunan biznesmen "Aristotel Onassis" rolunda tamaşaçı qarşısına çıxıblar.
Rəylər