Türkiyənin Qars şəhərindəki erməni-türk dostluğuna həsr edilən “insanlıq abidəsi” heykəli ətrafında baş verən qalmaqala son qoyulub, məhkəmə qərar çıxarıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prezident Rəcəb Tayyib Ərdoğanın “insanlıq abidəsi”ni ərsəyə gətirən Mehmet Aksoya 10 min türk lirəsi təzminat ödəməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, “İnsanlıq abidəsi” adlandırılan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb.
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə bölgənin tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu bildirmişdi. O, məlum abidəni “uçubə” (eybəcər) adlandırmışdı.
Abidənin banisi Mehmet Aksoy o zaman baş nazir olan Ərdoğanı məhkəməyə vermişdi.