Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukraynadakı enerji obyektlərinə və limanlara zərbələrlə bağlı mümkün moratorium ideyasını dəstəkləyib.
Oxu.Az bildirir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
Ərdoğan Rusiya prezidenti ilə söhbət zamanı Ukrayna münaqişəsinin nizamlanması üzrə səylərin əhəmiyyətini qiymətləndirib.
Bundan əlavə, Türkiyə lideri istənilən formatda Ukrayna ilə bağlı danışıqları qəbul etməyə hazır olduğunu bildirib.
"Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ukrayna məsələsi ətrafında fikir mübadiləsi aparıblar".
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O bildirib ki, Ərdoğan və Putin Avropanın Rusiya aktivləri ilə bağlı atmaq istədiyi addımları da müzakirə ediblər:
"Liderlər belə bir ortaq qənaətə gəliblər ki, Avropa İttifaqı ölkələrinin bu cəhdləri beynəlxalq maliyyə sisteminin əsaslarının və prinsiplərinin laxlamasına səbəb ola bilər".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
Oxu.Az xəbər verir ki, məlumatı "TGRT Haber" yayıb.
Türkiyə prezidentinin rusiyalı həmkarı ilə təkbətək görüşü 40 dəqiqə çəkib.
R.T.Ərdoğanın Türkmənistandakı görüşlərinin davam etdiyi bildirilir.
Xatırladaq ki, Türkiyə rəhbəri bir sıra həmkarları ilə birgə Aşqabadda təşkil olunmuş Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak edir.