Ermənistan vətəndaşı 1978-ci il təvəllüdlü Gevorq K. Gürcüstanda gömrük prosedurlarını keçən zaman ölkəyə narkotik vasitələrin qanunsuz gətirilməsinə görə saxlanılıb.
Oxu.Az “Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, Gevorq K. Sadaxlı sərhəd keçid məntəqəsində saxlanılıb.
Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin əl yükündə 40 ədəd “Piralqin” həbi aşkar ediblər. Ekspertiza müəyyən edib ki, onların tərkibində 0,32 qram kodein var. Saxlanılan şəxs günahını etiraf edib.
Faktla bağlı istintaq aparılır.
Xatırladaq ki, dünən Gürcüstan DİN və Gəlirlər Xidmətinin əməkdaşları “Sadaxlı” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşının avtomobilinin salonunu yoxlayarkən “Valter” sistemli tapança və 10 güllə aşkar ediblər.
1947-ci il təvəllüdlü Ermənistan vətəndaşı Frunzik A. günahını etiraf edib. Fakt üzrə cinayət işi açılıb. Bu maddə üzrə beş ildən səkkiz ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulub.