Ermənistan Yerevanın BMT Baş Assambleyasındakı mövqeyinin bumeranq effekti yaradacağından və Ermənstanın özünə zərbə endirəcəyindən narahatdır.
Erməni ekspertlər hesab edir ki, əgər Ermənistan Rusiyanın Dnestryanıda hərbi iştirakını legitimləşdirsə, onda ən azı Qarabağda da belə bir perspektivin olma ehtimalını yaradır, bu isə Ermənistan tərəfi üçün təhlükəli nəticələrə gətirib-çıxaracaq.
Xatırladaq ki, Ermənistan BMT Baş Assambleyasının Rusiyanın Dnestryanıdakı hərbçilərini geri çəkməklə bağlı qanun layihəsinin əleyhinə səs verib. Bu qətnamə iyunun 22-də 66 nəfərin lehinə səs verməsi ilə qəbul olunub. Layihənin əleyhinə 15 ölkə çıxıb, 83 ölkə isə bitərəf qalıb.
Məsələ ilə bağlı azərbaycanlı politoloq Tofiq Abbasov fikirlərini Oxu.Az-la bölüşüb. O qeyd edib ki, bu hərəkətin məntiqini erməni siyasətinin isteblişmenti kimi başa düşmək olar, onlar həll olunmamış münaqişələrin dondurulmasına çalışır və militarizmin tərəfində durur.
“Bu, Qarabağ probleminə də aiddir. Ermənistan sülh danışıqlarına hazır deyil. Buna görə də Ermənistan özünün militarist siyasətinə sadiq qalaraq, gərginliyin artırılmasına çalışır. Yerevan bu məsələdə Rusiya tərəfinin dəstəyinə ümid edir”, - o qeyd edib.
Ekspertin sözlərinə görə, Yerevanın BMT Baş Assambleyasının qətnaməsinə qarşı səs verməsində qeyri-adi heç nə yoxdur.
“Bu, Yerevanın 20 ildir Qarabağ münaqişəsi ilə bağlı və Qafqaz regionunda yeritdiyi siyasətinə uyğundur”, - Tofiq Abbasov əlavə edib.
Əli Məmmədov
www.oxu.az