Ermənistan parlamentində iqtidar və müxalifət partiyalarının deputatları arasında yaranan kütləvi dava səbəbindən iclas yarımçıq dayandırılıb. Sözügedən insident bütün ölkə üzrə canlı yayımla nümayiş etdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar və görüntülər yayılıb.
Bildirilib ki, münaqişə hakim Vətəndaş Sazişi Partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı başlayıb. O, müxalifətdən olan həmkarlarının ünvanına sərt və təhqiramiz ifadələr səsləndirib. Bu təxribat xarakterli sözlərə müxalif "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan kəskin reaksiya verib. Qanunverici orqan üzvləri arasındakı söz davası qısa müddətdə fiziki toqquşmaya çevrilib və hər iki tərəfdən digər deputatlar da davaya qoşulublar.
Parlament üzvləri bir-birilərini yumruq və təpiklə vurublar, iclas zalı faktiki olaraq əlbəyaxa döyüş meydanını xatırladıb. Bütün bu hadisələr canlı yayımı izləyən televiziya tamaşaçılarının gözü önündə cərəyan edib.
Diqqətçəkən məqam odur ki, Ermənistan parlamentinin spikeri Ruben Rubinyan əvvəlcə nümayişkaranə şəkildə yayımı kəsməkdən və fasilə verməkdən imtina edib.
"Mən xüsusi fasilə elan etmirəm ki, hamı bunu görsün. İclas bu cür davam edəcək, qoy hamı bunu izləsin", - deyə Rubinyan bildirib.
Lakin yumruqlar işə düşdükdə, dava iştirakçılarından biri yerə yıxıldıqda iclasın keçirilməsi mümkünsüz hala gəlib və parlamentin işində məcburi fasilə elan edilib.