İyunun 23-də səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzində Baqramyan prospektinin hərəkət hissəsində oturaq etiraz aksiyasını dağıdıb.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, əməliyyat tədbirin qanunsuz xarakteri barədə ardıcıl xəbərdarlıqlardan sonra 05:25-də başlayıb.
Yüksək rütbəli polislər mitinqi dağıtmazdan əvvəl bir neçə yüz gəncdən Azadlıq meydanına qayıtmağı və orada paytaxt nəqliyyatının hərəkətinə mane olmayaraq, aksiyalarını davam etdirməyi bildiriblər.
Elektrik enerjisi tariflərinin artırılmasına etiraz edən aksiya iştirakçılarının bir qismi polislərin tələbi ilə razılaşsa da, əksəriyyət müqavimət göstərib.
Nəticədə 15 dəqiqəyə yaxın davam edən əməliyyatda aksiya iştirakçılarının əksəriyyəti polis bölməsinə aparılıblar, "Novosti Armeniya"-nın müxbiri xəbər verir.