"Ermənistan hökuməti "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yeni Kacaran-Aqarak yolunun inşasına əlavə 8.4 milyard dram (təxminən 22 milyon dollar) vəsait ayıracaq".
Oxu.Az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan hökumətin iclasında bəyan edib.
Onun sözlərinə görə, işlərin ümumi həcmi 214 milyon dollar civarında qiymətləndirilir ki, bunun da 70 milyon dolları 2025-ci ilin sonuna qədər yatırılacaq.
Xaçatryan qeyd edib ki, layihə üzrə işlər cədvəli qabaqlayır və cari ilin sonuna qədər onların 30%-ə qədəri yerinə yetiriləcək. Bununla əlaqədar, əlavə vəsaitin ayrılması barəsində qərar qəbul edilib.
"Marşrutun İrəvan-Gümrü hissəsindəki işlərə gəlincə, ilin sonuna qədər yolun 34 və 8 kilometr uzunluğunda son iki hissəsi tamamlanacaq. Qarşıdan gələn baharda yol tamamilə hazır olmalıdır", - deyə baş nazirin müavini əlavə edib.
32 kilometr uzunluğunda Kacaran-Aqarak yolu İran sərhədindən Ermənistanın Sünik vilayətinin mərkəzinə gediş müddətini yarım saat, İrəvandan Gümrüyə isə təqribən bir saat azaldacaq.