Rusiya və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisi layihəsi üzrə sənədlər paketini imzalayıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Andrey Nikitin bildirib.
"Tehranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisi layihəsi üzrə sənədlər paketi rəsmiləşdirilib. Rusiyanın "Caspian Services" təşkilatı və İranın CDTIC şirkəti qabaqlayıcı mühəndis-axtarış işləri üçün bütün yolboyu torpaq sahələrinə girişin təmin edilməsinə dair protokol, həmçinin müqaviləyə əlavə saziş imzalayıblar", - deyə Nikitin qeyd edib.
O əlavə edib ki, sahələr artıq təhvil verilib. Bu, qabaqlayıcı mühəndis-axtarış işlərini davam etdirməyə, zəruri işlərin müddətini uzatmağa imkan verəcək. Cari ildə Rusiya mütəxəssisləri dayaq geodeziya şəbəkəsi qurub və aerofotoçəkiliş həyata keçiriblər, hazırda hidrometeoroloji axtarışlar və topoqrafik çəkiliş aparılır.
Rəşt-Astara sahəsi Rusiya və İranın dəmir yolu şəbəkələrini vahid sistemdə birləşdirəcək. Bu, yüklərin Fars körfəzinə və oradan da Cənubi Asiya regionu ölkələrinə çatdırılması üçün fasiləsiz marşrut açacaq "Şimal - Cənub" dəhlizinin dayaq elementidir.