Gürcüstanın Kaxeti bölgəsinin Saqareco bələdiyyəsinin azərbaycanlıların yaşadığı Ləmbəli kəndində iki qardaş qətlə yetirilib.
Oxu.Az Güürcüstan KİV-ə istinadən xəbər verir ki, üç qardaşa odlu silahdan atəş açılıb.
Onlardan ikisi hadisə yerində həyatını itirib, üçüncü qardaş isə qaçaraq xilas ola bilib. Yerli sakinlərin sözlərinə görə, qardaşlar uzun illər Rusiyada yaşayıb və bir müddət əvvəl kəndə qayıdıblar.
Məlumata əsasən, hadisə qardaşlar qohumlarının toyuna gedərkən baş verib. Ehtimala görə, kənd sakinlərindən biri onlara pusqu quraraq atəş açıb.
Qətlin dəqiq səbəbi hələ məlum deyil. İlkin ehtimallar arasında qisas və uzun illərdir davam edən münaqişə də var.
Qeyri-rəsmi məlumatlara görə, şübhəli şəxs polis tərəfindən saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyi isə hələlik hadisə ilə bağlı açıqlama verməyib.