Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanda oyun qarışır: Kilsə-müxalifət tandemi fiaskoya uğrayacaq? - “Kaspi”nin TƏHLİLİ
Siyasi planı olmayan və koordinasiyasız təşkil edilən "Vətən naminə Tavuş" hərəkatı İrəvanda da istədiyi kütləni meydanlara yığa bilmir. Rəqəmlər müxalifət mediası tərəfindən nə qədər şişirdilsə də, reallıq başqa mənzərəni ortaya çıxarır. Hətta Baqrat Srbazan ali məktəblərin qarşısında da aksiyalar üçün adam toplamağa cəhd edib. Təxribat, ara qarışdırmaq, polislə toqquşmaya cəhd isə məqsədin anarxiya yaratmaq olduğunu üzə çıxarır. Bu tip ssenarilər 2018-ci il hadisələrini xatırladır və törədilən təxribatlar Koçaryanın hakimiyyət illərində baş verənlərlə eynilik təşkil edir.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Srbazanın Koçaryandan asılılığı
Aksiyanın "rəhbəri" erməni keşiş artıq Koçaryan tərəfindən idarə edildiyini təkzib etməyi özünə lazım bilmir. Maraqlıdır ki, yürüş zamanı insanları dəfələrlə tərk edərək, Ermənistanın ikinci prezidenti ilə görüşə gedən keşişi keçmiş müdafiə naziri Seyran Ohanyan müşayiət edib. Qalstanyan görüşdən sonra bəyan edib ki, baş nazirin impiçmentinə start vermək lazımdır. Bunun üçün isə itaətsizlik aksiyalarına davam etmək, parlamentin iki fraksiyası ilə etimadsızlıq votumuna start vermək gərəkdir. Burada isə müxtəlif suallar üzə çıxır.
Söz oyunu, say yetərsizliyi
Əgər hakim fraksiya parlamentdə çoxluq təşkil edirsə, etimadsızlıq votumu necə elan ediləcək? Birincisi, Koçaryan və Sarqsyan fraksiyasında cəmi 35 deputat var. Ermənistan parlamentində isə etimadsızlıq votumunu gündəliyə salmaq üçün ən azı 36 səsə ehtiyac var. Elə bu səbəbdən də bir neçə gündür müxalifət mediasında "Mülki müqavilə" deputatları Srbazana dəstəyini bildirib", "hakim partiyanın müəyyən deputatları bizə qoşulur" tipli xəbərlər yayılır. Qalstanyanın mitinqdə adını çəkdiyi Rustam Bakoyan və Şirak Torosyan kimi deputatlar da sosial şəbəkələrdə Paşinyana dəstəklərini ifadə ediblər. Bu halda kilsə-Koçaryan ittifaqının yeganə ümidi müstəqil deputat İşxan Zakaryan olaraq qalır. Əgər müxalifət onu öz tərəfinə çəkə bilsə, etimadsızlıq votumunu parlamentin gündəliyinə salmaq mümkün olacaq. Amma hələ bu da qətnamənin qəbul edilməsi mənasına gəlmir, əksinə, hakim partiya səs çoxluğu ilə bu qətnaməni ilk oxunuşda tarixin küncünə göndərə biləcək. Çünki etimadsızlıq votumunun qəbul edilməsi üçün 54 səsə, yəni Paşinyanın partiyasından 18 deputatın səsinə ehtiyac var. Hadisələrin gedişatı isə belə bir ssenarini mümkünsüz edir.
Müxalifəti parçalayan post savaşı
Qətnaməni parlamentə təqdim etməzdən və tələb olunan 36 imzanı toplamazdan əvvəl Koçaryan, Sarqsyan və Qareginin qarşısında daha bir çətin vəzifə durur. Konstitusiyaya əsasən, baş nazirə etimadsızlıq bildirmək barədə qərar layihəsi yalnız o halda təqdim edilə bilər ki, onunla eyni vaxtda baş nazir vəzifəsinə yeni namizəd təklif olunsun. Bu isə artıq müxalif düşərgədə fikir ayrılığı və parçalanmaya səbəb olub. Çünki vahid namizəd ətrafında birləşmək hazırda qeyri-mümkün görünür. Bu namizəd Koçaryan, Sarkisyan və Qaregin üçün məqbul olmalı, etirazçıları da razı salmalıdır.
Koçaryanın xam xəyalı
Məsələn, Koçaryan öz namizədliyini təklif edə bilər. Amma onun namizədliyini digər müxalifət partiyaları ilə yanaşı, xalq da qəbul etməyəcək. Artıq siyasi tarixin zibilliyinə atılan və gün keçdikcə siyasi meyitə çevrilən Robertin siyasi arenaya qayıtması mümkünsüz görünür. Nə Kremldəki dayaqları, nə pulla istədiyini yazdıracağı media resursları və milyonçu dostları ona yardım edə biləcək.
Serjin bic davranışı
Serj Sarkisyan isə Ermənistanın keçmiş ombudsmanı, "Tatoyan" fondunun rəhbəri, Azərbaycana qarşı sərsəm və axmaq bəyanatları ilə tanınan Arman Tatoyanı namizəd kimi göstərə bilər. Qərb dairələri ilə yaxşı münasibətləri olan və Rusiyanın bəzi siyasi kulislərində dəstək tapan Tatoyanın adı iki il əvvəl də baş nazir postuna namizəd kimi hallanmışdı. Amma hakim partiyanın müəyyən hərəkətləri nəticəsində Arman oyundan kənara çəkilərək, susqunluğa qərq olmuşdu. Bu dəfə də onun birdən-birə aktivləşməsi yenidən namizəd olmaq ümidi ilə əlaqəlidir. Çünki Baqrata qoşulanda siyasi ambisiyasının olmadığını desə də, uzun müddətdir könlündə baş nazir postuna yiyələnmək arzusunun olduğunu artıq hər kəs bilir.
Srbazanın da könlündən baş nazirlik keçir
II Qareginin namizədi isə Baqrat Srbazan ola bilər. Erməni keşiş bir neçə dəfə belə bir ambisiyasının olmadığını desə də, sonradan valı dəyişib. O, jurnalistlərə bildirib ki, əgər qarşısına belə bir tapşırıq qoyulsa, bütün məsuliyyəti boynuna götürməyə hazırdır. Bununla da xoruzun quyruğu görünüb. Amma ortada bir əngəl var, Srbazanın eyni zamanda Kanada vətəndaşlığı da var. Artıq erməni müxalifəti onu oyundan kənar buraxmaq üçün bu xəbəri tirajlayıb. Ermənistan qanunlarına görə, hökumət başçısının ikili vətəndaşlığı ola bilməz.
Bununla belə, Srbazan məqsədinə çatmaq üçün ortaya yeni bir plan atıb. Bu plan müvəqqəti keçid hökumətinin formalaşdırılmasını nəzərdə tutur. Müvəqqəti hökumətin rəhbəri kimi də özünü görür. Amma istənilən halda, hadisələrin gedişatı kilsə-müxalifət tandeminin növbəti fiaskoya uğrayacağını göstərir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti
Rəylər