Ermənistanın sabiq prezidenti Robert Koçaryanın saxlanılmasından sonra onun gəlini - tanınmış müğənni Siruşoya məxsus "Pregomesh" zərgərlik brendinin ofis və mağazalarında axtarış tədbirləri həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistan kütləvi informasiya vasitələri yayıb.
Hazırda vəkil Aleksandr Koçubayev müğənni Siruşonun ofisinə yollanır. Onun həmkarı Erik Aleksanyan isə Robert Koçaryanın kiçik oğlu Levon Koçaryanın mənzilindədir, orada yoxlanışlar hələ də davam edir.
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatına keçmiş prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan məlumat verib.

Yerli KİV-in yaydığı məlumata görə, Sedrak Koçaryanın saxlanılması ilə eyni vaxtda onun atası Robert Koçaryanın və qardaşı Levon Koçaryanın mənzillərində axtarış tədbirləri davam etdirilir.
Ermənistanın Antikorrupsiya Komitəsi isə öz növbəsində Robert Koçaryan və oğlu Sedrak Koçaryanın saxlanıldığını rəsmən bəyan edib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident Robert Koçaryanın oğlu, parlamentin müxalif "Ermənistan" ("Hayastan") fraksiyasının deputatı Levon Koçaryanın mənzilində axtarış tədbirlərinə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında "Ermənistan" fraksiyasının deputatı Mesrop Manukyan yayıb.
"Səhər saat 7 radələrində hüquq-mühafizə orqanlarının nümayəndələri parlamentin deputatı Levon Koçaryanın evinə basqın ediblər. Bu barədə göstəriş birbaşa parlamentin tribunasından verilib", - deyə müxalif deputat bildirib.