Ermənistanda iki keçmiş dövlət başçısı - Robert Koçaryan və Serj Sarqsyan dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı açılmış cinayət işinə cəlb olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu rəsmi açıqlama yayıb.
Bununla yanaşı, Koçaryanın prezidentliyi dövründə hökumətə rəhbərlik etmiş mərhum sabiq baş nazir Andranik Marqaryana qarşı da müvafiq ittihamlar irəli sürülüb.
Baş Prokurorluqdan bildirilib ki, sözügedən cinayət işi avqustun 24-də başladılıb. İstintaq çərçivəsində keçmiş prezidentin böyük oğlu Sedrak Koçaryan, İrəvanın sabiq meri Qagik Beqlaryan və əlavə olaraq daha beş nəfər təqsirləndirilən şəxs qismində tanınıb.
R.Koçaryana qarşı vəzifə səlahiyyətlərini aşma, çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət alma maddələri üzrə ittiham elan edilib.
Hazırda isə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın Antikorrupsiya Komitəsində olduğu qeyd edilir.

Səhər saatlarında saxlanılan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın səhhətində problem yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsindən Ermənistan mətbuatına məlumat verilib.
Bildirilir ki, sabiq dövlət başçısının qan təzyiqi qalxıb. Bununla əlaqədar təcili tibbi yardım briqadası çağırılıb. Ermənistanın keçmiş rəhbəri sonrakı tibbi müayinələrin aparılması məqsədilə xəstəxanaya yerləşdirilib.
Öz növbəsində Ermənistanın keçmiş prezidentinin ofisinin rəhbəri Baqrat Mikoyan qeyd edib ki, bir müddət əvvəl sabiq ölkə rəhbərinin ictimaiyyətə açıqlanmayan tibbi baxışdan və müxtəlif prosedurlardan keçib. Bu amili nəzərə alan həkim əlavə müayinələrin həyata keçirilməsini zəruri hesab edib.
İrəvanda yerləşən Antikorrupsiya Komitəsinin binası qarşısında təcili tibbi yardım avtomobili görünüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın kütləvi informasiya vasitələri məlumat yayıb.
Qeyd edilib ki, bir müddət əvvəl saxlanılmış Ermənistanın sabiq prezidenti Robert Koçaryan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti altında təcili yardım maşını ilə tibb müəssisəsinə köçürülüb.
Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində altı nəfər, o cümlədən ölkənin sabiq prezidenti Robert Koçaryan, onun oğlu Sedrak və cinayət sxemlərində əli olduğu ehtimal edilən digər şəxslər saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən komitənin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, Ermənistan prezidenti vəzifəsini tutan Koçaryan özünə yaxın şəxslərlə qabaqcadan əlbir olaraq və qulluq mövqeyindən istifadə edərək, müxtəlif saxta əsaslarla ictimai və iqtisadi əhəmiyyətli bir sıra qiymətli obyektləri dövlət mülkiyyətindən çıxarıb və bazar dəyərindən xeyli aşağı qiymətə əldə edib.
Antikorrupsiya Komitəsinin iddiasına əsasən, əmlakın faktiki mənsubiyyətini və cinayət yolu ilə əldə edildiyini gizlətmək məqsədilə onlar bir-biri ilə əlaqəli şirkətlərin adına rəsmiləşdirilib. Əldə edilmiş obyektlər sonradan üzərlərində tikinti aparılması və satılması, üçüncü şəxslərə özgəninkiləşdirilməsi, habelə mülkiyyətçi şirkətlərin paylarının, o cümlədən hədiyyə kimi verilməsi yolu ilə idarə olunub.
56 daşınmaz əmlak şəklində alınan rüşvət ittihamı
Antikorrupsiya Komitəsi həmçinin bildirir ki, Vazgen Sarqsyan küçəsi 20 ünvanındakı tarixi-mədəni abidə olan Zabitlər Evinin və Nalbəndyan küçəsi 16 ünvanındakı yarımçıq binanın bir sıra hüquq normalarının pozulması ilə dövlət mülkiyyətindən çıxarılmasının təşkili və sonradan onların "Piazza Grande" şirkətinə verilməsi müqabilində Koçaryana rüşvət verildiyini təsdiqləyən məlumatlar əldə edilib.
İstintaq materiallarına əsasən, söhbət ümumi dəyəri 2.633934 milyard dram (təxminən 12.2 milyon manat - red.) olan 56 daşınmaz əmlakdan gedir. Onların həqiqi sahibini və mənşəyini gizlətmək üçün daşınmaz əmlaklar saxta alqı-satqı müqavilələri vasitəsilə keçmiş prezidentin ailə üzvlərinin və onlarla əlaqəli təşkilatların adına qeydiyyata alınıb.
"Toyota İrəvan"la bağlı epizod
Digər bir epizod Ermənistan Müdafiə Nazirliyinə məxsus, Admiral İsakov prospekti 22 və 22/4 ünvanlarında yerləşən torpaq sahələrinə, o cümlədən elmi-istehsalat stansiyasının tikintisi üçün nəzərdə tutulmuş əraziyə aiddir.
Məlumata görə, onların ümumi bazar dəyəri 1.393870 milyard dram (təxminən 6.4 milyon manat) təşkil edib, lakin həmin ərazilər sabiq prezidentə yaxın şəxsə məxsus şirkətə dörd dəfə ucuz qiymətə satılıb.
İstintaqın iddiasına görə, ərazilərin əhəmiyyətli dərəcədə aşağı qiymətə satılması və Yaponiyanın "Toyota" şirkətinin Ermənistanda nümayəndəliyinin maneəsiz yaradılmasının təmin edilməsi müqabilində 9 may 2006-cı ildə R.Koçaryana rüşvət olaraq "Toyota İrəvan" şirkətinin 30 faizlik payı verilib. Cinayət mənşəyini gizlətmək üçün bu pay saxta alqı-satqı müqavilələri ilə sabiq prezidentin oğlunun adına rəsmiləşdirilib.
İstintaq daha nələri araşdırır?
Bundan əlavə, istintaq 2001-2019-cu illərdə keçmiş prezidentin oğlu Sedrakın adına pul köçürmələrinin detallarını öyrənir. Söhbət təxminən 144 milyard dram, 309 milyon dollar, 77 milyon avro və 18 milyon Rusiya rublundan gedir.
Həmçinin, işlə əlaqəli olan şəxslərə və onların ailə üzvlərinə məxsus Ermənistanda və xaricdə otuzdan çox daşınmaz əmlak obyektinin əldə edilməsi şəraiti yoxlanılır.
Antikorrupsiya Komitəsindən bildirilib ki, əmlakın mümkün ötürülməsi və ya özgəninkiləşdirilməsinin qarşısını almaq üçün onun üzərinə həbs qoyulması istiqamətində tədbirlər görülür.
Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryan və onun oğlu Sedrakın saxlanılma anını əks etdirən görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, sözügedən kadrlar Antikorrupsiya Komitəsi tərəfindən ictimaiyyətə təqdim olunub.
Ermənistanın sabiq prezidenti Robert Koçaryan ölkənin Milli Təhlükəsizlik Xidmətinə gətiriblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə müxalif "Ermənistan" ("Hayastan") parlament fraksiyasının deputatı Aqnessa Xamoyan məlumat verib.
Onun sözlərinə görə, sabiq dövlət başçısı səhər saatlarında Antikorrupsiya Komitəsinə aparılıb.
Məlumata əsasən, vergi xidməti Koçaryanlar ailəsinə məxsus "Toyota" avtomobil salonunu möhürləyib. Bununla yanaşı, "Orange fitness" idman kompleksində də istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident Robert Koçaryanın oğlu, müxalif "Ermənistan" ("Hayastan") fraksiyasının deputatı Levon Koçaryanın evində axtarışlar aparıblar.