Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens Men ştatındakı tərəfdarları qarşısında etdiyi çıxış zamanı dil sürüşməsinə yol verərək Kanadanı ABŞ-nin ştatı adlandırıb.
Bu barədə Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir.
"Yadda saxlamaq lazımdır ki, Kanada bir ştatdır... Üzr istəyirəm. Freydə görə. Həqiqətən də, tamamilə təsadüfi bir yanlışlıq idi", - deyə Vens təbəssümlə özünə haqq qazandırmağa tələsib.
Xatırladaq ki, fevral ayında Amerika Prezidenti Donald Tramp "Alfalfa" adlı qapalı klubun təşkil etdiyi ziyafətdə Qrenlandiya, Kanada və Venesuelanın ABŞ-yə qatılması ilə bağlı zarafat etmişdi. O, Kanadanı 51-ci, Qrenlandiyanı 52-ci və Venesuelanı 53-cü ştat qismində görmək arzusunda olduğunu açıq şəkildə bəyan etmişdi. ABŞ lideri Kanadanı Birləşmiş Ştatların 51-ci ştatı kimi birinci dəfə deyil ki, qələmə verir. O, ikinci prezidentlik müddətinə başlamazdan öncə də zarafatla həmin ölkənin ABŞ-yə birləşməsini, dönəmin baş naziri Castin Trüdonun isə qubernator vəzifəsinə keçməsini təklif etmişdi. 2025-ci ilin əvvəlində Trüdonun vəzifədən getməsindən sonra Tramp bu təklifini bir daha dilə gətirib.
Ağ Ev rəhbərinin fikrincə, ABŞ-nin bir hissəsinə çevrilmək Kanadaya nəinki iqtisadi stabillik qazandırar, eyni zamanda ölkəni "Rusiya və Çin gəmiləri" tərəfindən yarana biləcək xarici təhlükələrdən mühafizə edər.