Rusiya Ermənistan məhsullarına qadağa qoyduqdan sonra idxalı əvəz etmək məqsədilə digər dövlətlərdən balıq tədarükünü artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistandan diri balıq tədarükünə məhdudiyyətlərin əvəzlənməsi zərurətini əvvəlcədən bilirdi. Bu səbəbdən başqa ölkələrdən məhsul idxalı çoxaldılıb. Məsələn, forel balığının tədarükü üzrə Rusiya İran və Türkiyə bazarlarına istiqamətlənib.
Dankvert qeyd edib ki, tədarükçü sayının çox olması iş prosesini daha da asanlaşdırır:
"Geniş seçim imkanı olduqda, heç kimdən asılılıq yaranmır və nəticə etibarilə hər hansı bir məhsulun qıtlığı ehtimalı olmur".
İyunun 4-də yayılan xəbərlərdə bildirilirdi ki, "Rosselxoznadzor" tərəfindən kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükünə tətbiq edilən qadağalar səbəbindən Ermənistan illik olaraq 250-355 milyon dollar arasında zərər görə bilər. Mövsümün ən fəal aylarında - iyundan sentyabradək bu ziyanın ayda 30-45 milyon dollara çatacağı ehtimal edilir.
Xatırladaq ki, iyunun 1-də "Rosselxoznadzor" Ermənistana Rusiya üçün balıq sertifikatlaşdırılmasının dayandırılması barədə göstəriş verib.