Ötən həftənin sonunda Dəməşq və ölkənin digər şəhərləri üzərində nəzarəti ələ keçirən Suriya silahlı müxalifətinin Hərbi Əməliyyatlar İdarəsi Bəşər Əsəd hökumətinin üzvləri üçün Tənzimləmə Mərkəzinin yaradıldığını elan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.
İdarə Əsəd hökumətinin bütün üzvlərinə dekabrın 14-dək Homsda yerləşən mərkəzə müraciət edərək zəruri rəsmiləşdirmə prosedurlarından keçmək və müvəqqəti vəsiqə almaq tapşırığı verib.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qüvvələri Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıblar. Dekabrın 7-si axşama qədər onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəraa və Homs) ələ keçiriblər, dekabrın 8-də isə Dəməşqə daxil olublar, hökumət qüvvələri şəhəri tərk ediblər.
Baş nazir Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.