Türkiyədə iki dağıdıcı zəlzələnin baş verdiyi fevralın 6-dan bu yana 8,5 mindən çox təkan qeydə alınıb.
Bunu cümə axşamı Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması şöbəsinin rəhbəri Orhan Tatar deyib.
“Hazırda 8550 dəfə təkrarlanan yeraltı təkanlar qeydə alınıb. 17 gündə adətən orta hesabla 4 ayda qeydə aldığımız qədər zəlzələ olub. Zəlzələlər hər 3 dəqiqədə bir fasilə ilə baş verir. Bu təkanların əksəriyyəti əhali tərəfindən hiss edilir”, - deyə o bildirib.
Tatar qeyd edib ki, ilk güclü zərbələrdən sonra geoloji zəncirvari reaksiya başlayıb.
“Ona görə də yaxın günlərdə biz yenidən 5 bal gücündə zəlzələ ilə üzləşə bilərik. Vətəndaşlar qəzalı binalardan uzaq durmalıdırlar”, - o vurğulayıb.
Tatar həmçinin bildirib ki, hakimiyyət orqanlarının fövqəladə vəziyyət elan etdiyi 11 əyalətin zonasına bitişik olan Sivas vilayətinin Gürün mahalı təbii fəlakət bölgələri siyahısına daxil edilə bilər.
Mənbə: Anadolu