Filippinin Anxeles şəhərində inşası davam edən çoxmərtəbəli binanın çökməsi nəticəsində azı üç nəfər həyatını itirib, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "GMA News" məlumat yayıb.
Yerli hökumət nümayəndələrinin məlumatına əsasən, Balibaqo ərazisindəki Teodoro küçəsində yerləşən tikili mayın 24-də güclü tufan zamanı uçub. Dağıntılar qonşuluqdakı hotelə də ciddi ziyan vurub və onun uçmuş hissəsinin altında qalan Malayziya vətəndaşı olan 65 yaşlı kişinin cəsədi çıxarılıb.
Yanğından mühafizə xidmətinin nümayəndəsi Maria Lea Sacili xilasetmə işlərinin hələ də davam etdiyini bildirib:
"Mütəxəssislər dağıntılar altında qalan insanları tapmaq üçün termal skanerlərdən istifadə edirlər".
Filippin polisinin rəhbəri, general Xose Melensio Nartates isə qeyd edib ki, qurum çökmənin səbəblərini və tikinti normaları ilə təhlükəsizlik qaydalarının mümkün pozuntularını müəyyənləşdirmək məqsədilə aparılan istintaqa tam dəstək verəcək. Xəbərə görə uçan bina hazır olduqdan sonra kondo-hotel kimi fəaliyyət göstərməli idi.