Bütün Fransanı gərginlikdə saxlayan müəmmalı cinayət işinə aydınlıq gəlib. Ötən il həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Sedrik Jubilyar cinayəti törətdiyini etiraf edib. Beş ildən çox davam edən istintaqı müəmmalı edən əsas məqam isə qurbanın meyitinin bu günədək tapılmaması olub.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
38 yaşlı Jubilyar həbsxanadan vəkillərinə məktub yazaraq həyat yoldaşı Delfini öldürdüyünü etiraf edib.
Beş il ərzində Jubilyarın əleyhinə dolayı sübutlar getdikcə artsa da, polis qadının meyitini tapa bilməyib. Dolayı sübutlar əsasında 2025-ci ilin oktyabrında andlılar məhkəməsi Jubilyarı təqsirli bilib və o, 30 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Jubilyar məhkəmədə də günahsız olduğunu bildirib.
İki aydan sonra apellyasiya prosesinin başlaması gözlənilirdi. Məhkəmədən sonra işi üzərinə götürən yeni vəkillər isə bildiriblər ki, etirafdan sonra apellyasiya təxirə salına bilər.
Vəkil Pyer Debüsson mətbuat konfransında deyib ki, bir neçə həftə əvvəl müdafiə etdiyi şəxsdən məktub alıb. Məktubda belə yazılıb: "Sizə həqiqəti deməliyəm. Bunu mən etmişəm".
Jubilyar bildirib ki, həyat yoldaşını "növbəti ailə mübahisəsindən sonra" öldürüb və meyiti avtomobillə apararaq gizlədib.
İstintaq zamanı artıq müəyyən edilmişdi ki, Sedrik və Delfinin ailə həyatı problemlərlə dolu olub. 33 yaşlı Delfin yerli xəstəxanada gecə növbəsində tibb bacısı işləyirdi. İşsiz Jubilyar narkotik aludəçisi idi. Qadın internetdə tanış olduğu başqa bir kişi ilə münasibət qurmuşdu.
Qonşular evdən qadın qışqırıqları eşitdiklərini bildirmiş, istintaqçılar isə evdə dava əlamətləri və Delfinə məxsus sınmış eynək aşkar etmişdilər. Məhkəmə zamanı məlum olmuşdu ki, Delfin ərindən boşanmaq istəyib.
"İndi əsas məsələ onun meyitin harada olduğunu deməsidir. Ümid edirəm ki, bunu etiraf edəcək", - deyə vəkil vurğulayıb.