ABŞ yekun razılaşmaya nail olmaq məqsədilə İranla danışıqları davam etdirmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın İslam Respublikası ərazisinə zərbələr endirməyə başlamasından sonra "The Wall Street Journal" (WSJ) nəşrinə məlumatlı mənbə bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranın Hörmüz boğazındakı hərəkətlərini "qəbuledilməz və sərt cavaba layiq" hesab edib. Adı açıqlanmayan ABŞ rəsmisi qeyd edib ki, Birləşmiş Ştatlar İranla yekun razılığın əldə olunmasına yönəlmiş danışıqları davam etdirmək niyyətindədir.
Bundan əvvəl ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında gəmilərə qarşı həyata keçirdiyi iddia edilən hücumlara cavab olaraq İslam Respublikasına qarşı bir sıra güclü zərbələr endirməyə başladığını bəyan edib.
İran isə öz növbəsində ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda ittiham edib. Ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, son üç həftə ərzində Birləşmiş Ştatlar memorandumun şərtlərini dəfələrlə pozub.
"Fars" xəbər agentliyinin məlumatında qeyd edilir ki, İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bəyan edib ki, ABŞ-nin İrana hücumu İslamabad Anlaşma Memorandumunun birinci və ikinci bəndlərinə ziddir.