Fransada ictimai yerlərdə üzü tamamən bağlayan müsəlman baş örtüklərinin (niqab və çadra) bağlanmasını qadağan edən qanunun qəbul edilməsi İnsan hüquqları üzrə Avropa konvensiyasına zidd deyil.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bu qərarı İnsan hüquqları üzrə Avropa məhkəməsi verib. Qərara yenidən baxılmayacaq.
Parisdə məhkəməyə müraciət edən iddiaçının adı açıqlanmır. Yalnız onun gənc müsəlman qadını olduğu və Fransa vətəndaşı olması məlumdur. Birminhemdən dəvət olunmuş vəkilləri xanımın niqabı könüllü şəkildə məhz dini baxışlarına görə taxdığını söyləyiblər.
Üzünü tamamən örtən baş örtüklərinin ictimai yerdə taxılmasını qadağan edən qanun 2010-cu ildə prezident N.Sarkozi dövründə qəbul edilmişdi. Bu qanunu pozanlara 150 avro cərimə tətbiq edilirdi.
Fransada müsəlman icması 5 milyon nəfərdir. Avropa ölkələrindən məhz burada belə qanun tətbiq edilməyə başlayıb. Paris hesab edir ki, niqab və ya çadranın geyinilməsi yüksək təbəqəli dövlətin qurulması prinsiplərinə ziddir, qadınları alçaldır və milli təhlükəsizlik üçün qorxuludur: axı örtüyün altında kimin olduğu bəlli deyil.
Fransanın ardınca ictimai yerlərdə niqab və çadranın geyinilməsini Belçika və İsveçrənin kantonlarından biri də qadağan edib. Niderlandiya və İtaliya parlamentləri isə bu qəbildən olan qanun layihəsini nəzərdən keçirir.