Son iki ay ərzində Fransada anomal isti hava şəraiti fonunda 300-dən çox insan suda boğulub.
Oxu.Az xəbər verir ki, bunu ölkənin idman naziri Marina Ferrari "France Inter" radiosunun efirində bildirib.
"Son məlumatlara görə, iyunun 19-dan etibarən 301 nəfər boğulub", - deyə o bildirib.
Nazir vurğulayıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur. Marina Ferrari faciəli hadisələrin həm kanallar kimi açıq su hövzələrində, həm də şəxsi hovuzlarda baş verdiyini qeyd edib.
Fransada anomal isti havanın beşinci dalğası səbəbindən 78 departamentdə hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq səviyyəsi elan edilib. Hakimiyyət orqanları sakinləri ehtiyat tədbirlərinə əməl etməyə çağırır. Onlara daha çox su içmək, gün ərzində fiziki yüklənmədən çəkinmək və yaşayış yerlərini mütəmadi havalandırmaq tövsiyə olunur.
Bundan əvvəl ölkədə anomal isti hava səbəbindən xəstəxanalara və tibb işçilərinə düşən yükün də kəskin artdığı bildirilmişdi. Həkimlər xəstəxanalardakı vəziyyəti koronavirus pandemiyası dövründəki yüksək yüklənmə ilə müqayisə edirlər. İsti hava həm pasiyentlərin, həm də tibb işçilərinin yükünü artıraraq xəstəxanalarda vəziyyəti daha da çətinləşdirir.