Fransada baş verən irimiqyaslı yanğınların söndürülməsi zamanı 90-a yaxın xilasetmə xidmətinin əməkdaşı xəsarət alıb.
Oxu.Az-ın BFMTV telekanalına istinadla yaydığı xəbərə əsasən, günlərdir yanğınların fasiləsiz davam etdiyi Jironda bölgəsində 84, Yuxarı Alplar departamentində isə yanğınsöndürmə xidmətinin beş əməkdaşı xəsarət alıb.
Məlumata görə, ölkənin cənub-qərbində vəziyyət son dərəcə ağır olaraq qalır. Jironda prefekturasından verilən ən son rəqəmlər göstərir ki, yanğın artıq 42 min hektarlıq bir sahəni əhatə edib.
Ölkə tarixinin ən böyük yanğınının qarşısını almaq məqsədilə əraziyə İsveçrə də daxil olmaqla ümumilikdə 2 500 nəfərlik xilasedici qrup cəlb olunub. Onlarla yanaşı, fəlakət bölgəsində təxliyə prosesini və asayişi qorumaq üçün 1 500 hərbçi və 1 200 polis əməkdaşı fəaliyyət göstərir.