Fransada polis yuxarı sinif şagirdlərinin keçirdiyi etiraz aksiyalarının 1 800-ə yaxın iştirakçısını saxlayıb.
Oxu.Az bu barədə "Figaro" qəzetinə istinadən xəbər verir.
"Cümə axşamı gecə saatlarına olan məlumata görə, ölkə üzrə saxlanılanların sayı 1 793 nəfər təşkil edib, onların 90%-i yetkinlik yaşına çatmayan şəxslərdir", - deyə nəşr yazır.
Etirazlarla bağlı vəziyyətin kəskin gərginləşdiyi vurğulanır. Saxlanma hallarının təxminən üçdəbiri hökumət nümayəndələrinə hücum, digər üçdəbiri qanunsuz toplaşma, qalan hallarda isə əmlaka ziyan vurma ilə bağlıdır. Yalnız paytaxt regionunda hüquq-mühafizə orqanları 130 saxlama faktı qeydə alıb, 42 yetkinlik yaşına çatmayan şəxsin işi artıq məhkəməyə göndərilib.
Qeyd edək ki, Fransada yuxarı sinif şagirdləri bir neçə gündür gərgin dərs cədvəli, müəllim çatışmazlığı və təhsil sahəsindəki digər problemlərdən narazılıqlarını ifadə edirlər. Bəzi aksiyalar iğtişaşlarla müşayiət olunur. Fransa hökumətinin qiymətləndirməsinə görə, məktəblilərin etirazları artıq küçə toqquşmalarına çevrilib.