Ukraynaya dron tədarük edən Fransanın "Delair" şirkətinə məxsus zavod "Molotov kokteyli" ilə hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat dərc edib.
Bildirilir ki, zavod Fransanın cənub-qərbində, Tuluza yaxınlığında yerləşir. "Delair" ölkənin aparıcı dron istehsalçılarından biridir və həm mülki, həm də hərbi modellər istehsal edir. Şirkət 2022-ci ildən Ukrayna üçün dron tədarükünə başlayıb.
Məlumata görə, zavoda hücum iyunun əvvəlində olub, lakin bu barədə yalnız bu həftə məlumat yayılıb. Tuluza Prokurorluğu insanların həyatı üçün təhlükə yaradaraq əmlakın məhv edilməsi ittihamı ilə cinayət işi açıb. Qəzetin yazdığına görə, zavoda, demək olar ki, ziyan dəyməyib, çünki yandırıcı qarışıq partlamayıb.
İstintaqı maraqlandıran əsas sual hücumun arxasında kimin dayandığıdır. Sosial şəbəkələrdə insidentə bəzi gənc antimüharibə fəallarının aidiyyəti olduğu barədə məlumat yayılıb. Onlar vaxtaşırı təkcə Fransada deyil, digər Qərbi Avropa ölkələrində də bu cür demarşlar edirlər. Fəalların məqsədi bu cür səs-küylü aksiya keçirərək diqqət cəlb etməkdir. Üstəlik, müşahidə kameraları maskalı bir qrup şəxsin binaya "Molotov kokteyli" atdığını qeydə alıb.
Nəşrin məlumatına görə, iyunun 3-də dronları çəkən bir nəfər saxlanılıb. Hökumət dərhal Rusiyanı günahlandırmağa çalışıb və saxlanılan şəxsin videonu Rusiyadakı bir əlaqəsinə göndərdiyini iddia edib. Onlar sübut təqdim etməyiblər, lakin iyunun əvvəlində həmin kişiyə xarici dövlətə məlumat ötürmək ittihamı irəli sürülüb.