Fransa polisi Uberin Fransada rəhbəri Tibo Samfalı və Uberin Avropada rəhbəri Pyer-Dmitri Qor-Kotini həbs edərək dindirməyə yollayıb, Oxu.Az xəbər verir ki, bu barədə Le Monde bildirib.
İyunun 25-də üç minə yaxın fransız taksi sürücüsü UberPOP servisinə qarşı mütəşəkkil etiraz aksiyasına başlayıblar.
Onlar Parisin aeroportlarına və vağzallarına gedən yolları bağlayıb, təkərləri yandırıb və bir neçə Uber sürücüsünün maşınını aşırıblar. Bu, taksi sürücüləri və Uber sürücüləri arasında qarşıdurmaya gətirib çıxarıb.
Taksi sürücüləri və onların həmkarlar ittifaqı Uberi ədalətsiz rəqabətdə günahlandırırlar. Amerika şirkəti taksi sürücüsü lisenziyası olmadan (240 min avroyadır) sürücüləri işə qəbul edir, vergiləri ödəmir və əməkdaşlarını sığorta etmədiyi üçün gediş üçün ucuz qiymətlər təyin edə bilir.
Aksiyalardan sonra Fransanın Daxili işlər naziri Bernar Kaznev UberPOP-un ölkədə fəaliyyətini qadağan edib, Fransa prezidenti Fransua Olland isə bəyan edib ki, Uberi ləğv etmək lazımdır.
Yanvarın 1-də Fransada özəl daşıma ilə məşğul olan bütün sürücüləri taksi lisenziyası almağa məcbur edən qanun qüvvəyə minib. Uber sürücüləri o vaxtdan lisenziya almayıblar. Yanvar ayından Fransa polisi Uberə qarşı araşdırmaya başlayıb. Martın 18-də şirkətin Paris ofisində axtarış olub, axtarış zamanı polislər kompüter və telefonları müsadirə ediblər. Reyd, taksi sürücülərinin bir neçə Uber sürücüsünü döyəndən bir neçə gün sonra baş tutub.
Bu, Uberin taksimotor şirkətlərinin aksiyaları və dövlətin etirazı ilə qarşılaşdığı ilk hal deyil. Daha öncə servisi Braziliya, Almaniya, Koreya, İspaniya, Hindistan, Tayland, ABŞ-ın bəzi ştatlarında fəaliyyətini müvəqqəti məhdudlaşdırıb və ya qadağan ediblər.
Uberi qanunvericiliyə riayət etməməkdə (lisenziyaların olmaması) və ədalətsiz rəqabətdə (lisenziyaların olmaması ucbatından ucuz qiymətlər) ittiham edirlər.
Eləcə də qeyd edək ki, Uber xidməti bu yaxınlarda Azərbaycana gəlib.
Xəbər verildiyi kimi Bakı ərazisində Uber Black fəaliyyət göstərəcək, bura yalnız “Mercedes”, “Audi”, “BMW” (və analoji markaları) biznes-klass maşınlarının sahibləri işə qəbul edilir.
Uber servisindən istifadə etmək üçün smartfonda müvafiq porqram yüklənməlidir.
Servisin istifadəsinə qiymətlər də müəyyən edilib. Avtomobilin sifarişi 2 manat, hər km üçün 0,9 manat, gözləmə üçün 0,2 manat ödəniləcək. Sifarişin minimal qiyməti beş manatdır.
Ödəməni bank kartı ilə etmək mümkündür.