Fransada yaşayış xərclərinin artması və digər sosial-siyasi problemlərlə bağlı narazılıqlar fonunda növbəti etiraz aksiyaları keçirilib.
Oxu.Az BFMTV-yə istinadən xəbər verir ki, paytaxt Parisdə eyni vaxtda üç fərqli aksiya baş tutub. Bunlar polisin silahdan istifadə səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsinə qarşı etiraz, uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş beynəlxalq yürüş və "Sarı jiletlilər" hərəkatının mitinqidir.
Ümumilikdə, Parislə yanaşı, Fransanın digər şəhərlərində də keçirilən aksiyalarda 100 mindən çox insan iştirak edib. Azı 23 nəfərin saxlanıldığı bildirilir.
Lion, Ruan və digər şəhərlərdə vəziyyət gərginləşib, nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Nant şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz aksiyanın iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Tuluzada isə nümayiş əsasən dinc şəraitdə keçib.
Davam edən etirazlar fonunda Fransa həmkarlar ittifaqları noyabrın 17-də ümumi tətil keçirilməsinə çağırış ediblər.